AZE | RUS | ENG |


Dünya yazarlarının 54-cü Belqrad görüşü

Dünya yazarlarının 54-cü Belqrad görüşü
Və ya Serbiyaya ikinci səfərin təəssüratları

Dünya yazarlarının 54-cü Belqrad görüşünə dəvət məktubu elektron ünvanıma 8 avqustda göndərilmişdi. Ötən il də bu mötəbər tədbirdə ölkəmizi təmsil etdiyimdən, bilirəm ki, görüş olduqca maraqlı və dünya miqyaslıdır. Bu festival vasitəsi ilə dünyanın müxtəlif ölkələrindən tədbirə qonaq gələn şairlərlə qurulan dostluq, həmkar münasibətlərimiz, serb, amerikan, yunan, fransız şairləri ilə yaranan ünsiyyətim aradan sovuşan vaxt ərzində də davam edib, daha da möhkəmlənib. Xatırladım ki,  adı çəkilən beynəlxalq tədbirdə Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin xətti və şair Səlim Babullaoğlunun təqdimatı ilə iştirak etmişəm. Ancaq ötən ilki  bəyənilən iştirakım, gələndən sonra gördüyüm ədəbi işlər də bu ədəbiyyat festivalında ölkəmizi yenidən təmsil etməyimə haqq verib və onu da deməliyəm ki, dəvət edən tərəf bu il mənim yenidən görüşə qatılmağımı istəmişdi.
 
"Kaspi”nin işləri 
 
Qurulan ünsiyyətin nəticəsidir ki, "Kaspi” qəzetinin "Ədəbiyyat” əlavəsinin müxtəlif saylarında və Artkaspi.az saytında İvo Andriç, Danilo Kiş, Radomir Andriç, Milan Orliç, Adam Pusloviç, Branislav Velkoviç,  Duşko Petroviç, Laza Kostiç, Voislav İliç, Aleksa Şantiç, Duşan Radoviç, Duşan Matiç, İvan Lali, Milan Nenadiç, Milovan Danoyliç, Andrey Eliç Mariokov, Ranko Radoviç, Teodor Rosiç, Zlata Koçiç, Corce Neşiç, Milan Nenadiç kimi olduqca rəngarəng üslubu, deyim tərzi, ifadə əlvanlığı olan şairlərin şeirləri Günel Şamilqızı və Xatirə Nurgülün tərcüməsində dərc edilib. Budəfəki səfərimdə qəzetin nüsxələrini Serbiya Yazıçılar Assosiasiyasının arxivinə bağışladım. Bundan başqa, dünya şöhrətli serb yazıçısı, şairi Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçdən ötən il aldığım müsahibənin dərc edildiyi "Kaspi” və "Ədəbiyyat” qəzetlərinin nüsxələrini Paviçin arxivinə verdim. 
 
Səfirliyimizin diqqəti
 
Hələ Bakıda olanda Serbiya Yazıçılar Assosiasiyasının kuratorlarından biri, dostum Nina Smit və həyat yoldaşı Milan vaxtaşırı səfərlə bağlı məndən müxtəlif məlumatlar alır, serb dilinə çevriləcək şeirlərimin rus dilindəki variantını və iştirak edəcəyim müzakirə panelləri barədə bilgi istəyirdilər. Ardıcıl ünsiyyətdən yaranan mehribanlıq, təkcə söz-sənət yox, həm də zarafatlar, şuxluq, simsarlıq sarıdan da bizi biri-birimizə isinişdirib. Məni Nina və Milanla bərabər, hava limanında Azərbaycanın Serbiyadakı səfirliyinin nümayəndəsi, cənab konsul Elvin Əlizadə qarşıladı. Elvin bəyin avtomobili ilə ötən il də qaldığım "Apartmens Skadarlija” otelinə gəldik. Həqiqət naminə deməliyəm ki, Serbiyada qaldığım günlərdə cənab səfir Eldar Həsənovun diqqəti, səfirliyin birinci katibi Cavanşir Məcidovun qayğısını daim hiss etdim. Ölkəmizin ədəbiyyatını təmsil etdiyim bu tədbirdə iştirakımın Serbiyadakı səfirliyimiz tərəfindən də önəm daşımasını duymaq, poeziyanın, ədəbiyyatımızın mədəni həyatımızın vacib hissəsi kimi diqqətə layiq olduğunu görmək xoş idi.  
 
Serbiya Yazıçılar Assosiasiyasında 

Oteldə bir az dincələndən sonra Serbiya Yazıçılar Birliyinə gedib, tədbirin gündəliyi ilə tanış oldum. Və tədbirlə bağlı çap olunan toplunu əldə etdim,  nəşrdə bioqrafiyam və "Anna Axmatovanın dilindən” adlı şeirim işıq üzü görüb. Bu vaxt kəsiyində Serbiya Yazıçılar Assosiasiyasının sədri Radomir Andriçlə görüşdüm. "Kaspi” qəzetinin Ədəbiyyat əlavəsində ötən il ərzində dərc olunan Serbiya ədəbiyyatı ilə bağlı nüsxələri adıçəkilən assosiasiyasının arxivinə bağışladım. Görüş zamanı R.Andriçin dediklərini isə yaxşı xatırlayıram: "Serbiya ədəbiyyatı, xüsusən şeirinə verdiyiniz önəmə və "Kaspi” qəzetində nəşr edilən əsərlərə görə, çalışdığınız mətbu orqanına və sizə minnətdarlığımı bildirirəm. Biz bu qəzetləri sizdən əvəzsiz hədiyyələr kimi qəbul edirik. Diqqətimi cəlb etdi ki, bizim ədəbiyyatdan tərcümə etdiyiniz nümunələrin seçimində olduqca diqqətlisiniz və Serbiya ədəbiyyatın dəyərli nümunələrini dilinizə çeviribsiniz. Yalnız bu cür seçimlə hər iki ölkənin ədəbiyyatı qazanar, əməkdaşlıqlar uğurlu müstəvidə davam edə bilər. Dəyərli və gərəkli şairlərimiz dünya dillərinə çevriləndə, biz də sevinirik. Serbiya və Azərbaycanın arasında siyasi əlaqələr kimi, ədəbi əlaqələr də güclüdür”. 
 
Hardan, kimlər gəlmişdi?
 
Builki görüşə Albaniya (Entela Kasi), Belarus (Mariya Kobeç), Böyük Britaniya (Geyl Berns), İsrail (Xava Pnixas Koen), Kanada (Ranko Radoviç, Stefan Mekenzu) Makedoniya (Violeta Paçevski, İvan Çepaprocki)), Almaniya (Peter Geriş), Serbiya (Predraq Bjeloşeviç, Tixomir, Nestoroviç) Rusiya (Vyeçeslav Kupriyanov, Nataliya Rumançuk, Nina Qabrielan), Türkiyə (Turqut Tanyol), Slovakiya (Boris Brença, Ştefan, Çifra)  Rumuniya (Lyçiyan Aleksiy, Yyubiça Rajkiç, Slavomir Qvozdenoviç), Sloveniya (Esad Babaçih), Ukrayna (Yelena Byeviç), Fransa (Anton Simon, Lyj Bertolom), Yunanıstan (İrini Yekatirina, Kokis Kristos), Xorvatiya (Yelene Sabliş Tomiç), Çexiya (Lyadie Romanska) və başqa ölkələrinin 30-dan artıq ən ünlü yazıçı və şairlərinin qatıldığı tədbirin gündəliyi olduqca zəngin idi. Belə ki, dünyanın ədəbi gündəmində olan aparıcı məsələlər – nəşriyyat, poliqrafiya, poeziya, yayım hüquqları, tanıtım, ədəbi inteqrasiya, sürət əsrində bədii sözün imkanları və s. mövzularda görüşlər, kitab təqdimatları, şeir gecələri nəzərdə tutulmuşdu. Builki tədbir Şarl Bodlerin ölümünün 125, Vladislav Petroviçin ölümünün 100, Borislav Peçikin vəfatının 25, Nobel mükafatı laureatı İvo Andriçinin anadan olmasının 125, Filip Visinjiçin 250 illiyinə həsr olunmuşdu.  
 
"Arşın mal alan”

Serbiyaya getdiyim gün – 18 sentyabr Azərbaycan musiqisi üçün tarixi bir gün idi (nə xoş ki, illərdir belədir). Məlumdur ki, unudulmaz Üzeyir Hacıbəyli, məhz həmin gündə doğulub və ölkəmizdə musiqi günü kimi həmin dəyərli tarix təntənəli şəkildə dünyanın dörd bucağında qeyd olunur. Konsulumuz Elvin bəy müjdələdi ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Belqrad Etnoqrafiya Muzeyinin kino zalında "Arşın mal alan” filminin Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş rəngli versiyası nümayiş olunacaq. Sağ olsun, məni də dəvət elədi. 
Azərbaycanın Serbiyadakı Səfirliyi və Mədəniyyət Mərkəzinin təşəbbüsü və dəstəyi ilə reallaşan filmin təqdimatında iştirak etmək, serblərin bu filmə münasibətini görmək mənim üçün də maraqlı idi və axşam saat 18:00 da filmin nümayişi başladı. Filmin nümayişində Belqraddakı diplomatik korpusun və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbirdə Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinin direktoru, professor Zərifə Əlizadə izləyicilərə Üzeyir Hacıbəylinin yaradıcılığı haqqında ətraflı məlumat verdi, Üzeyir Hacıbəylinin həyat və fəaliyyətindən danışdı. Fəxarət hissi ilə xatırlayıram ki, film böyük maraqla qarşılandı, serb tamaşaçıların diqqət kəsilməsindən, bəzi səhnələrə ürəklə gülmələrindən, alt yazı ilə izlədikləri ekran əsərini ruhən duya bilmələrindən həmin maraq nəzərdən yayınmırdı. 

Xoş təsadüf 
 
Film başlamazdan 5-10 dəqiqə əvvəl muzeyin giriş qapısında Milorad Paviçin həyat yoldaşı Yasmina Mixayloviçi görəndə gözlərimə inanmadım. Yasmina xanım əvvəl məni çətin xatırlasa da, sonra yaddaşını təzələyib ötən ili yada saldı və onunla etdiyimiz ədəbi söhbət barədə bəzi xoş fikirlərini bölüşdü:  "Kaspi” qəzetinin elektron variantından götürdüyümüz Paviçlə və mənimlə bağlı materiallar Paviçə aid sayta da yerləşdirilib. Bu sayt dünyadakı milyonlarla Paviçsevərin ortaq ünvanıdır. Sizin mənimlə apardığınız müsahibəni oxudum, olduqca razı qaldım. Həmin söhbətdə məni heç vaxt düşündürməmiş məsələlərdən danışmışam. Sizi düşündürücü suallarınıza verdiyim cavabları mən məhz müsahibə zamanı cavab verə-verə fikirləşirdim. Həyat belədir: Biz yalnız suallar qarşısında qalanda cavablar tapırıq. Bu, bir tərəfdən arzuolunmazdır, digər tərəfdənsə yaxşıdır. Müsahibənin və yazıların əvvəlcə Azərbaycan dilində yayımlanması, daha sonra rus dilində "Kacпий” qəzetində nəşri söhbətimizin daha çox oxucuya qovuşmasına səbəb oldu”.   
 
Assosiasiyada görüş və... 
 
Sentaybrın 19-u saat 16:00-da qələm adamlarının Serbiya Yazıçılar Assosiasiyasında görüşü oldu. Bu assosiasiyanın sədri, eyni zamanda dünyanın müxtəlif ölkələrindən gələn şairlərin bir-birini tanıması üçün fürsət idi. Həmin gün Kosovalı şairlərin görüşü də baş tutdu. Axşam isə ziyafət təşkil edildi. Sentyabrın 20-də səhər saatlarında ənənəvi olaraq İvo Anrdiçin heykəli ziyarət edildi. Sonra Serbiya Parlamentinin binasında tədbirin açılış mərasimi baş tutdu. Radomir Andriç qonaqları salamlayıb belə bir mötəbər tədbirdə iştirak etdiklərinə görə, onlara minnətdarlığını çatdırdı və daha sonra şairləri təqdim etdi. Serbiyanın Mədəniyyət Nazirliyinin nümayəndələrinin, müxtəlif ölkələrin səfirlərinin çıxışı ilə davam edən görüş konsert proqramı ilə yekunlaşdı. Tədbir iştirakçılarına şairlərin şeirləri nəşr edilən toplu bağışlandı. 
Həmin gün saat 14:00-da builki görüşün həsr edildiyi şairlərlə bağlı müzakirə saatı keçirildi. Daha sonra isə gəmidə şeir gecəsi başlandı. Dunay çayında üzən böyük bir gəmidə bütün şairlər şeirlərini oxudular. Olduqca səmimi ortamda davam edən poeziya axşamında "Sevmədiyin qadınla” adlı şeirimi Azərbaycan və ingilis dillərində səsləndirdim.
 
Vilayətlərdə poeziya tədbiri 
 
Sentyabrın 21-də şairləri qruplara bölüb Serbiyanın müxtəlif vilayətlərinə poeziya tədbirlərinə göndərdilər. Mənim təmsil olunduğum qrup Serbiyanın dilbər guşəsi hesab olunan Vrnyaçka-Banyaya səfər etdi. Qrupa Predrak Byeloşeviç (Serbiya) Peter Gehriç (Almaniya) Vyaçeslav Kupriyanov (Rusiya), Natalya Rumarçuk (Rusiya), Esad Babaçiç (Sloveniya) Lyadie Romanska (Çexiya) kimi ünlü şairlər daxil edilmişdi.  Belqraddan üç saatlıq məsafədə yerləşən bu vilayət olduqca maraqlı bir yer kimi yaddaşıma hopub. Bu yumru şəhərin hər tərəfi dağlardır, təbiət göz oxşayır, evlər o qədər fərqli və gözəldir ki, səhər çağı buraları başmaqseyrinə çıxmağın, ətrafı nəzərdən keçirməyin bir ayrı ləzzəti var. Getdiyimiz şəhərdə şeir axşamı həmin gün saat 19:00 da Mərkəzi kitabxanada baş tutdu. Tədbirdə çıxış edib, şeirlərimizi oxuduq. Mən "Anna Axmatovanın dilindən” adlı şeirimi oxudum, daha sonra şeirin serb dilindəki variantını Serbiyanın məşhur aktrisası, qiraətçi kimi də şöhrətli olan xanım Yovanna Steviç səsləndirdi. Maraqlı və səmimi görüş iki saat çəkdi. Vaxt uzansa da, əriyib-itən zamanın necə keçdiyini bilmədik...
 
Şərab bayramı
 
Səhəri gün bizim qrupumuzu Aleksandravaç şəhərinə qonaq apardılar. Əvvəlcədən dedilər ki, burda olduqca böyük ənənəsi olan şərab bayramı keçirilir. Vyaçka-Banya ilə bir saatlıq məsafədə yerləşən bu şəhər gözəlliyi ilə göz oxşayır. Əvvəlcə bizi traktorlar, dərmansəpən maşınların sərgisinə apardılar. Burda üzüm yetişdirilən ərazilərin əkilməsində hansı texnikalardan istifadə edilməsi ilə tanış olduq. Sonra yuxarı mərtəbəyə qalxıb cürbəcür meyvələrdən, bitkilərdən hazırlanan, meyvə şirələrini, ağ və qırmızı şərabları, araqları gördük. 1000-dən çox meyvədən çəkilən bu içkilər dünyanın müxtəlif ölkələrinə ixrac olunur. Sərgidə hər şərabın yanına onun hazırlandığı meyvədən də qoyulub ki, ziyarətçilər onlardan dada bilsinlər.
Daha sonra bizi üzüm yetişdirilən ərazilərə apardılar. Orada hər üzüm ağacının üstünə növünün adı yazılıb və hansı üzümün neçə metr ərazini əhatə etdiyi qeyd olunub. Peşəkarlıqla yetişdirilən bu üzümlərdən eyni adlı şərablar hazırlanır. Digər maraqlı bir ünvan isə həmin şəhərdə yerləşən Şərab Muzeyidir. Bu muzeydə şərabları hazırlayan alimlər haqqında məlumatlar, cihazlar, şərab hazırlanan zaman istifadə edilən qədim texnikalar, çəlləklər və şərablar nümayiş olunur. Muzeyin konfrans zalında orta məktəb şagirdləri ilə görüşdük. Onlara şeirlərimizi oxuduq. Şeirlərin serb dilindəki variantını yenə də aktrisa Yovanna Steviç səsləndirdi. Xatırladım ki, "Anna Axmatovanın dilindən” adlı şeirimi şeiri serb dilinə Serbiyanın  tanınmış mütərcimi Milovoye Bahoviç çevirib.
Tədbirdən sonra bizi konsert meydanına gətirdilər, burda bayram münasibəti ilə Serbiyanın milli musiqiləri səsləndirilir və rəqs edirlər. Şəhərdə Şərab Fontanı da var. Bu fontanın ortasında üzüm heykəli qoyulub və durmadan şərab axır. Fontanın ətrafı zəncirlə dövrələnib və orada əllərində iri dolçalar olan 4 qız dayanıb birdəfəlik stəkanlarda şəhər əhalisinə qırmızı kəmşirin şərab paylayırlar. 21-24 sentyabrda keçirilən bu bayram möhtəşəmliyi ilə heç zaman yaddaşımızdan silinməyəcək. Şərab  festivalı ilə tam tanış olandan sonra yenidən Vraçka-Banya şəhərinə geri qayıtdıq. Səhər yenidən Belqradda olmalıydıq...
 
"Hər şey kimi... sonu var...”
 
Bu il ikinci dəfə qatıldığım bu ədəbiyyat festivalı mənim gənc bir şair kimi yetişməyimdə, dünyanın şeir mənzərəsi ilə birbaşa tanış olmağımda olduqca böyük rol oynadı. Dünya şairləri ilə ciddi ünsiyyətlərim yarandı. Azərbaycanın adını, poeziyamızın səsini gücüm yetən səviyyədə çatdırmağa çalışdım. Qurulan yeni ünsiyyətlər, xarici ölkələrlə ədəbi əlaqələr həm də Azərbaycan həqiqətlərini, Qarabağ problemini dünyaya çatdırmaq üçün bizə yol açacaq. İnşallah ki, ədəbiyyatımızın dünyada tanınması, sevilməsi, layiqincə təqdimi yolunda bu kövrək qədəmlər sabahlarda ötkəm addımlara çevriləcək. 
Fərid Hüseyn

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN